Xəbərlər

Blogum Milli Net`də II yerə layiq görüldü

millinet-2017-diplom
Written by Mushfiq Mammadov

Bildiyiniz kimi Milli Net (Milli İnternet Mükafatı) Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır və hər il keçirilir (ətraflı rəsmi saytından baxa bilərsiniz). Bu il 9-cu dəfə keçirilirdi və 18 nominasiya üzrə müsabiqə elan edilmişdi. “Bloqlar” nominasiyası üzrə mən də öz blogumun namizədliyini vermişdim.

20  noyabr 2017-ci il tarixdə qeydiyyat başa çatdı və “Bloqlar” nominasiyası üzrə qaydalara uyğun gələn və qeydiyyatını uğurla tamamlamış 19 resurs müsabiqəyə qatıldı. Bununla da səsvermənin 1-ci mərhələsi başlandı.

30  noyabr 2017-ci il tarixdə səsvermənin birinci mərhələsi başa çatdı və nəticələr elan edildi. Qiymətləndirilmə  23 nəfərlik münsiflər heyəti tərəfindən aparılırdı. Onların rəyinə əsasən 19 blogdan sadəcə 7-si nominant statusu əldə etdi və növbəti mərhələyə keçmək hüququ qazandı:

millinet-2017-nominant-bloglar

Səsvermənin 2-ci mərhələsi 4 dekabr tarixində başlandı və 15 dekabr tarixində başa çatdı. Lakin nəticələr saytda  açıqlanmadı. 20 dekabr tarixində Boulevard Hoteldə yekun təqdimat mərasimi keçirildi və nəticələr orada açıqlandı. Açığı etiraf edim ki, tədbirin belə yüksək səviyyədə keçiriləcəyini gözləmirdim 🙂 Zal dolu idi və hamı həyəcanla nəticələri gözləyirdi. Aparıcı xanım Cəlalə Nəzəroğlu tədbiri çox gözəl aparırdı və eyni zamanda tədbir Facebook üzərindən canlı yayımlanırdı. Tədbirin Facebookda videoyazısı mövcuddur və “Bloqlar” nominasiyası üzrə nəticələr 56-cı dəqiqədən etibarən açıqlanmağa başlanır:

Milli Net 2017 – Milli İnternet Mükafatı

Milli Net 2017 – Milli İnternet Mükafatı

Milli Net paylaştı: 20 Aralık 2017 Çarşamba

Nəticələr açıqlanarkən bu dərəcədə həyəcan keçirəcəyimi gözləmirdim, aura tamam fərqli idi. Blogumu 2016-cı ilin sonlarında yaratmışdım və aktiv şəkildə məqalələr yazmağa bu ilin əvvəlindən başlamışdım. Bu mənim Milli Net müsabiqəsində birinci iştirakım idi. Uzun sözün qısası blogumun ikinci yer üçün adı açıqlananda çox sevindim.

3-cü yerin sahiblərinə Neuron, 2-ci yerin sahiblərinə BestComp, 1-ci yerin sahiblərinə isə  Lenovo şirkəti tərəfindən hədiyyələr təqdim olunurdu. Sözün düzü hədiyyəni çox ciddiyə almadım, əsas mənim üçün vacib olan mükafatın mənəvi dəyəri idi. Amma evdə hədiyyəni açıb baxdım, çox xoşuma gəldi 🙂 Hədiyyə “Acer Iconia Talk S A1-724” model planşeti idi, uzanıb məqalə oxumaq üçün rahatdır və işimə yarıyacaq 🙂

millinet-2017-hediyye-planset

Bu da hədiyyələrin təqdimedilmə mərasimindən görüntülər:

millinet-2017-teltifetme

millinet-2017-qalibler

Bu mükafatın ərsəyə gətirilməsində, tədbirin keçirilməsində, nominantların mükafatlandırılmasında, resursların qiymətləndirilməsində vaxtını sərf edən, əziyyəti, əməyi keçən hər bir şəxsə təşəkkürümü bildirirəm. Xoş bir xatirə kimi yadda qaldı mənim üçün 🙂

Sonda isə vacib bir məqamı qeyd etmək istəyirəm. Bu mükafat bloguma göstərilən ilk ciddi rəsmi münasibətdir və mənim üçün mənəvi dəyəri çox yüksəkdir. Çünki blogun hazırkı contentinin formalaşdırılmasında çox əziyyət çəkmişəm, çox əmək sərf etmişəm. Blog üçün məqalələri adətən işdən gələndən sonra axşamlar evdə yazmağa başlayırdım. Bir neçə ay mütəmadi həm işdə, həm də evdə işlədiyimə görə belimdə problemlər əmələ gəlməyə, ağrılar artmağa başlamışdı. Amma fikir vermədim, bir müddət də belə davam etdim. Ancaq sonrası pis nəticələndi 🙂 Ondan sonra nəinki blog üçün məqalə yazmaq, proqramlaşdırma ilə məşğul olmanı minimuma endirməli oldum, hətta bir vaxtlar ümumiyyətlə məşğul olmamaq məcburiyyəti hiss etdim. Amma bir müddət müalicə, idmandan sonra yenidən yavaş-yavaş məşğul olmağa başladım.

Lakin blog ilə bağlı bir narahatçılığım hələ də qalır. Blogu yaradanda hədəfimi çox böyük götürmüşdüm, məqsədim bu blogu Azərbaycanda proqramlaşdırma ilə bağlı ən faydalı bloga çevirmək idi. Bizdə adətən proqramlaşdırma üzrə blogların ilkin startı yaxşı olur, amma sonrakı aqibəti yaxşı olmur. Tutaq ki, hər hansı bir sahə üzrə hazırlanması nəzərdə tutulan tutorialın ilkin dərsləri çox faydalı olur, amma ardı gəlmir. Blogumun da həmin aqibəti yaşamasını istəmirəm. Əvvəldən də məqsədim bu idi ki, blogum hansı sahəni əks etdirəcəksə, həmin sahəni kompleks əhatə etməlidir.

Blogu hazırlayarkən Java sertifikat imtahanı üzrə yazmağı nəzərdə tutduğum 3 əsas sahə bunlar idi:

  • imtahana hazırlıq addımları;
  • imtahan təcrübəm;
  • imtahan mövzuları.

Birinci və ikinci bölmələri azərbaycanca tamamlamışam, amma imtahan mövzuları bölməsində yazmağı planlaşdırdığım altı fəsildən üçünü yazmışam, üçü isə qalıb. Və bu qalan fəsillər çox vacib mövzuları əhatə edir. Proqramlaşdırma üzrə intervyülərdə, yazılı imtahanlarda bu mövzulardan çox suallar düşür. Özüm çox faydasını görmüşəm, ona görə fikirləşirəm ki, bu mövzuları da bloga əlavə edə bilsəm, oxucular üçün çox faydalı olacaq. Amma səhhət baxımından əvvəlki duruma düşməmək üçün hal-hazırda işdən sonra evdə məqalə yazmağa risk edə bilmərəm 🙂 Amma sağlıq olsun İnşallah, nə vaxtsa yazacam mütləq! Yoxsa rahat olmayacam

Mən haşiyəyə çıxanda həmişə uzun çəkir, üzürlü hesab edin. Sona qədər oxuduğunuza görə təşəkkür edirəm 🙂

About the author

Mushfiq Mammadov

2 Comments

Leave a Comment