Sertifikat Qeydlerim

Sertifikat Qeydlərim

Bu kitabı yazmağa Java sertifikat imtahanına hazırlaşdığım dönəmlərdə (2015) başlamışdım, daha doğrusu həmin zamanlarda qeydlər tuturdum ancaq. Amma qərarlaşdırmışdım və özüm üçün məqsəd qoymuşdum ki, bunu kitab halına çevirəcəm. Arada yazmağa bir müddət fasilə verdim, sonra yenidən başladım, sonra yenə fasilə verdim, yenə davam etdim və nəhayət bu il missiyanı başa vurdum, kitab halına saldım.

Kitab yazmış yaxud bu niyyətlə yola çıxmış şəxslər daha yaxşı başa düşər ki, kitab yazmaq həqiqətən çox əziyyətli, məsuliyyətli işdir, insanın xeyli enerjisini alır. Və bu kitab da mənim çox enerjimi aldı. Texniki tərəfi qoydum kənara, kitabı dizayn etmək bu sahədə təcrübəsiz biri üçün çox çətin iş imiş. Xüsusilə fontların seçilməsi və eyni zamanda başlıqlar, paraqraflar və kod hissələri üçün seçilmiş “monospaced” fontların bir-biri ilə uzlaşması, uyğun font ölçülərinin təyin edilməsi və s. Bunun üçün hətta müasir və eyni zamanda ən çox istifadə edilən fontlarla bağlı bir neçə məqalə oxuyub araşdırmışdım. Təxminən 7-8 fərqli font kombinasiyalarında bir neçə nümunə səhifə çap edib dəfələrlə baxmağıma rəğmən seçim etməkdə qərarsız qaldığım anlar olmuşdu. Hətta kitabın ölçüləri ürəyimcə olmadığı üçün 3 dəfə yeni fontlarla fərqli ölçülərdə yenidən kitabı başdan ayağa dizayn etdiyim olub.

Sonra ISBN ilə bağlı internetdə araşdırdım və öyrəndim ki, Azərbaycanda bu işlə “Khazar University Press” məşğul olur. Müraciət etdim və kitab üçün ISBN aldım.

Təbii ki, bütün bu proseslər yekunlaşdıqdan sonra hər kəs istəyər ki, bu qədər zəhmət verdiyi, enerji sərf etdiyi kitabı çap edilsin və onu doğmalıqla əlinə alıb çəkdiyi əziyyətlərin zövqünü dadsın. Amma nəşriyyat və satışla bağlı gözləntilərim tamam fərqli oldu. Kitabı yazmağa başlayanda belə qonorar əldə etmək məqsədilə yazmamışdım, əsas səbəblərimdən biri sertifikat almaq arzusunda olan insanları öz arzu və məqsədlərinə doğru bir addım daha yaxınlaşdırmaq idi. Kitabın əsas auditoriyasını tələbələr təşkil edəcəyindən əsas diqqət yetirdiyim məsələlərdən biri də kitabın qiyməti idi. Çalışırdım elə bir qiymət olsun ki, hər kəsin büdcəsi imkan versin alıb oxumağa; 10, maxsimum 12 manat fikirləşirdim. İlkin olaraq öz büdcəm hesabına 100 nüsxə tirajlamağı fikirləşmişdim. Amma bir neçə nəşriyyat ilə maraqlandıqdan sonra məlum oldu ki, az tirajla kitabın keyfiyyətli çapı çox baha başa gəlir, münasib qiymət üçün gərək 500, 1000 tiraj çıxardasan. Həm 100 tirajı nəşriyyatlar adətən offset deyil, rizoqraf ilə çap edirlər. Bu çapın keyfiyyəti də təxminən kserokopiya keyfiyyətinə yaxındır və istəmədim oxucular əziyyət çəksinlər.

Sonra kitabın satış şərtləri ilə maraqlandım, öyrəndim ki, kitabı münasib qiymətə lazımı keyfiyyətdə çap etdirsəm və üzərinə heç bir qonorar qoymasam belə satış qiyməti mən istədiyim maksimum qiymətdən də yuxarı olur. Kitab mağazaları da baya üzərinə bir məbləğ əlavə edirlərmiş 🙂 Ola bilər bu sahədə təcrübəsizlikdən qaynaqlanır, bəlkə də buna görə bu məsələlərin əlində aciz qaldım.

Bütün bu məsələlərdən sonra hər kəsin büdcəsinə uyğun olacaq yeni bir qərar aldım:

kitabı pdf formatında yayımlayıram və müəllif olaraq kitabın bir tirajla çapına icazə verirəm.

Hər bir kəs kitabın pdf formatını bir tirajla kitab çap edən mərkəzlərə təqdim edərək adi kitab qiymətinə çap etdirib oxuya bilər. Belə hamı üçün daha sərfəli olar.

Mənim bacardığım bu qədər 🙂 Ümid edirəm bu mövzuda kimlərinsə uğur qazanmağında kitabın azacıq da olsa faydası olar. Kitabı oxuduqdan sonra kitab ilə bağlı fikirlərinizi rəydə yazmağı unutmayın.

 

Qısa təsvir:
Müəllif: Müşfiq Məmmədov
Dil: Azərbaycan
İl: 2018
ISBN: 978-9952-37-127-7
Səhifə: 302 səh.
Format: 60×84 (182×257 mm)

 

   

 

16 Comments

Leave a Comment

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.